Ümumi məlumat
Maliyyə monitorinqi orqanları arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə yaradılan Eqmont Qrupunun əsası 1995-ci ildə bir neçə dövlətin müvafiq orqanları tərəfindən Belçikanın Brüssel şəhərində (Eqmont-Arenberq sarayında) qoyulmuşdur. Hazırda 170 dövlətin maliyyə monitorinqi orqanları Eqmont Qrupunun üzvləridir.
Missiyası
Eqmont Qrupunun əsas məqsədi ilkin inkişaf mərhələsində olan maliyyə monitorinqi orqanlarının təşkilinə yardım göstərilməsi, qarşılıqlı məlumat mübadiləsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və sistemləşdirilməsi, maliyyə monitorinqi orqanlarının əməkdaşlarının təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə treninqlərin və tədris səfərlərinin təşkili, texnoloji vasitələrdən istifadə etməklə maliyyə monitorinqi orqanları arasında təkmil və təhlükəsiz rabitə vasitəsi olan Eqmont Secure Web (ESW) sisteminin tətbiqindən ibarətdir.
Azərbaycanla əməkdaşlıq
Maliyyə Monitorinqi Xidməti tərəfindən 2009-cu ilin sonunda Eqmont Qrupu Katibliyinə üzvlük barədə müraciət ünvanlamışdır. Buna uyğun olaraq Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupuna üzvlüyü ilə bağlı müvafiq prosedurlara başlanılmışdır. Müvafiq prosedurlar çərçivəsində Rusiya Federasiyası və Ukrayna Respublikasının maliyyə monitorinqi orqanları Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti üçün sponsor qurumlar olaraq müəyyən edilmişdir.
Üzvlük prosedur çərçivəsində Eqmont Qrupunun 27 iyun – 1 iyul 2010-cu il tarixində keçirilən 18-ci plenar iclasında Maliyyə Monitorinqi Xidməti müşahidəçi qismində iştiraka dəvət edildi. Bu plenar iclasda Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupunun üzvlüyünə qəbul prosedurlarının növbəti mərhələsi müzakirə edilmişdir. Maliyyə Monitorinqi Xidməti daha iki dəfə Eqmont Qrupunun İşçi Alt-qruplarının iclaslarında (Moldova, oktyabr 2010-cu il və Aruba, mart 2011-ci il) müşahidəçi qismində iştirak etmişdir. Arubada keçirilmiş İşçi Alt-qrupların iclası zamanı Hüquq İşçi Alt-qrupu tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupuna üzv seçilməsi tövsiyə edilmişdir. 11-15 iyul 2011-ci il tarixlərində təşkil edilmiş Eqmont Qrupunun 19-cu plenar iclasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti daha altı dövlətin maliyyə monitorinqi orqanı ilə birlikdə Eqmont Qrupunun tamhüquqlu üzvü seçilmişdir.
Eqmont Qrupuna üzvlük Azərbaycan Respublikasının maliyyə monitorinqi orqanına təşkilatın İnternet rabitəsi üzərindən qurulmuş təhlükəsiz informasiya sisteminə (Egmont Secure Web) qoşulma imkanı təqdim etmişdir. Bu sistem yüksək təhlükəsizliyə malik elektron poçt xidmətinə malikdir və hazırda qurumun 170 üzvü spesifik fəaliyyət sahəsi ilə bağlı məlumat mübadiləsini məhz bu mexanizm üzərindən həyata keçirir.
2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Monitorinqi Xidməti tərəfindən Eqmont Qrupuna üzvlüyünün bərpa edilməsi məqsədi ilə qısa müddət ərzində qeyd edilən təşkilatla sistemli şəkildə işlər aparılmışdır. Nəticədə, 2018-ci il 23-28 sentyabr tarixlərində Avstraliya İttifaqının Sidney şəhərində keçirilmiş Eqmont Qrupunun 25-ci plenar iclasında müvafiq İşçi alt-qruplarında və Rəhbərlər Komitəsində aparılmış müzakirələrdən sonra Maliyyə Monitorinqi Xidmətinin Eqmont Qrupuna qəbul edilməsinə dair qərar 27 sentyabr tarixində yekdilliklə qəbul edilmişdir.
“Eqmont Qrupu”nun “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun 2023-cü il 4 iyul tarixində keçirilən iclasında sözügedən işçi qrupun rəhbəri vəzifəsinə namizədliyini irəli sürmüş üç nəfər arasından Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev seçilmişdir. Bundan sonra F. Əliyev “Eqmont Qrupu” üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin həyata keçirilməsində, eyni zamanda “Eqmont Qrupu”nun əsas icra orqanı olan Eqmont Komitəsinin üzvü seçilərək təşkilatın idarə olunmasında iştirak edəcək.